
Rəcəb Tayyib Ərdoğan Azərbaycan hava məkanında İlham Əliyevə mesaj göndərib
Koreyadan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Azərbaycan hava məkanında olarkən dövlət başçısı İlham Əliyevə və xalqımıza səmimi arzularını çatdırıb.
AzadAzərbaycan xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına etdiyi səfərdən geri dönərkən diqqətçəkən addım atıb.
Dövlət başçısını daşıyan təyyarə Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu yerüstü dispetçerlə əlaqə yaradıb. O, Türkiyə liderinin Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına ünvanladığı səmimi mesajı ötürüb.
Prezident Ərdoğanın müraciətində deyilir: 'Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.'
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Koreyaya səfəri ərəfəsində də Zəfər Günü münasibətilə Azərbaycana təbrik ünvanlamışdı.




