
Rusiyada hərbi dəniz bazasının komandiri rüşvət aldığı üçün saxlanılıb
Rusiyada Baltik Donanmasının Leninqrad dəniz bazasının komandiri və digər vəzifəli şəxs rüşvət alarkən cinayət başında yaxalanıblar.
Rusiya hüquq-mühafizə orqanları ölkənin hərbi strukturunda növbəti korrupsiya faktını aşkar ediblər. Sankt-Peterburq mətbuatının yaydığı məlumata görə, Baltik Donanmasının Leninqrad dəniz bazasının komandiri, birinci dərəcəli kapitan Aleksey Suqlobov 1,5 milyon rubl rüşvət aldığı üçün saxlanılıb.
Bununla yanaşı, Lomonosov şəhərində Müdafiə Nazirliyinin dəniz mühəndisliyi xidmətinin rəisi, polkovnik-leytenant Aleksey İonov da hüquq-mühafizə əməkdaşları tərəfindən tutulub.
İstintaq materiallarına əsasən, həmin şəxslər hərbi baza ərazisinin qanunsuz olaraq kommersiya məqsədləri üçün istifadə edilməsinə şərait yaradıblar. Belə ki, ticarət şirkətləri Lomonosov hərbi şəhərciyindən qum və çınqıl daşıyıb, yaranan boşluqlara isə tikinti tullantıları tökərək təkrar emal xərclərinə qənaət ediblər.




