
Rusiyanın Oleşki planı ifşa olundu: Atəşkəs nəyə xidmət edir?
Ukraynalı ekspert Roman Svitan bildirib ki, Rusiyanın Oleşkidə elan etdiyi humanitar atəşkəs ərazidə qüvvələri artırmaq məqsədi daşıyır.
AzadAzərbaycan xəbər verir ki, Rusiya Oleşkinin mülki əhalisinin təxliyəsindən həmin bölgədə işğalçı qüvvələrin sayını artırmaq məqsədilə yararlanıb. Bu barədə ukraynalı hərbi ekspert Roman Svitan məlumat verib.
Onun sözlərinə görə, əvvəllər Rusiya bölmələri Ukrayna Silahlı Qüvvələrinin atəş nəzarəti səbəbindən Dnepr çayının bu hissəsində sahil xəttinə kütləvi şəkildə yaxınlaşa bilmirdi. Vəziyyəti dəyişmək üçün ruslar yerli sakinlər üçün qəsdən dözülməz şərait yaradıblar və paralel olaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışıblar.
Ekspert qeyd edib ki, yaranmış humanitar problemdən Qərbə, xüsusilə Donald Tramp administrasiyasına siyasi təzyiq göstərmək üçün istifadə olunub. Mülki əhalinin köçürülməsi bəhanəsi ilə müvəqqəti təhlükəsizlik zonasının yaradılması və atəşin dayandırılması tələb edilib, işğalçılar isə bu fasilədən Dnepr çayının sol sahilinə maneəsiz keçmək üçün istifadə ediblər.
Svitan vurğulayıb ki, Rusiya qoşunları ərazidə rotasiya həyata keçirir, şəxsi heyəti, texnikanı və sursatı bölgəyə cəlb edir. Həmçinin sahil xəttinə reaktiv yaylım atəşi sistemləri yerləşdirilib və pilotsuz uçuş aparatlarından müdafiə məqsədilə istehkamlar qurulur.
Xatırladaq ki, oktyabrın 27-də Bakı vaxtı ilə saat 05:00-dan etibarən Xerson istiqamətində humanitar atəşkəs rejimi tətbiq olunub və bu rejimin noyabrın 1-dək davam etdirilməsi nəzərdə tutulur.




