
Rusiyanın ucqar kəndində ərzaq böhranı: Sakinlər şaxtada növbəyə düzülüb
Rusiyanın Tura kəndində nəqliyyat problemləri və səriştəsizlik ucbatından ciddi ərzaq qıtlığı yaranıb, sakinlər şaxtalı havada saatlarla növbəyə dururlar.
Rusiyanın şimalındakı Tura kəndində yerləşən əsas ərzaq mağazası sakinlərə Sovet dövrünü xatırladan mənzərələr yaradıb. Mənfi 15 dərəcə şaxtada yerli sakinlər ən zəruri malları əldə etmək üçün saatlarla növbəyə dayanmaq məcburiyyətində qalıblar.
Yaranan qıtlığın əsas səbəbləri kimi coğrafi çətinliklər və yerli idarəetmədəki səriştəsizlik göstərilir. Kəndi xarici aləmlə birləşdirən yeganə su yolu olan Aşağı Tunquska çayında yay aylarında gəmiçiliyin çətinləşməsi və alternativ marşrutların qurulmaması payız aylarında ərzaq çatışmazlığına yol açıb.
Mövcud vəziyyətlə əlaqədar prokurorluq tərəfindən bir sıra vəzifəli şəxslərə qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb. Rəsmi məlumatlara görə, meyvə, ət, süd məhsulları və un kimi əsas tələbat malları satışdan itib, qiymətlər isə üç dəfədən çox bahalaşıb.
Yerli sakinlərin sözlərinə görə, kəndə məhsullar artıq aviasiya vasitəsilə çatdırılır və məhdudiyyətlərlə paylanır. Lakin əlverişsiz hava şərati bəzi reyslərin təxirə salınmasına səbəb olub ki, bu da ərzaq növbələrinin aradan qalxmasına imkan vermir.
Ekspertlər qeyd edirlər ki, kənddəki böhran təkcə coğrafi təcrid olunma ilə deyil, həm də Ukraynadakı müharibə fonunda bölgədən kişilərin cəbhəyə cəlb edilməsi və iqtisadi çətinliklərin dərinləşməsi ilə əlaqədardır.




