
Tanınmış alim və filoloq Qurban Bayramov vəfat edib
AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov dünyasını dəyişib.
Azərbaycan elminə və mədəniyyətinə ağır itki üz verib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Fərman oğlu Bayramov vəfat edib.
AzadAzərbaycan xəbər verir ki, mərhum uzun illər ərzində Azərbaycan Yazıçlar Birliyinin, Respublika Qarabağ Ağsaqqallar Şurasının və Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının fəal üzvlərindən biri olub. O, həm də filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini daşıyırdı.
1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədətli kəndində anadan olan Qurban Bayramov zəngin yaradıcılıq yolu keçib. O, vaxtilə “Gənclik” nəşriyyatında rəsmi rəyçi kimi fəaliyyət göstərib, eləcə də Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman” və “Ədəbiyyat” kimi məşhur elmi-kütləvi verilişlərin müəllifi və aparıcısı olub.
Tanınmış ziyalı ömrü boyu zəngin elmi və publisistik fəaliyyətlə məşğul olub. O, ümumilikdə 500-dən artıq elmi və publisistik məqalənin müəllifi kimi yaddaşlarda qalıb.




