
Tarixçi Sara Peyn Trampın Rusiya dizeli ilə bağlı iddiasını təkzib edib
Amerikalı tarixçi və hərbi strategiya mütəxəssisi Sara Peyn Donald Trampın Rusiya dizelinin dünya qiymətlərinə təsir edə biləcəyi barədə iddiasını dezinformasiya adlandırıb.
AzadAzərbaycan xəbər verir ki, amerikalı tarixçi və hərbi strategiya üzrə mütəxəssis Sara Peyn ABŞ prezidenti Donald Trampın Putinlə razılaşması nəticəsində Rusiya dizel yanacağının tədarükünün qlobal qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyi iddiasını dezinformasiya kimi qiymətləndirib.
O, bu barədə britaniyalı iş adamı və podkast aparıcısı Stiven Bartlettə müsahibəsində bildirib. Qeyd edək ki, Peyn uzun illər ABŞ Hərbi Dəniz Kollecində dərs deyib, Kolumbiya Universitetində Rusiya və Çin tarixi üzrə doktorluq dərəcəsi alıb və hazırda Cons Hopkins Universitetində elmi fəaliyyətini davam etdirir.
Tarixçi bildirib ki, Rusiyanın dizeli vəziyyətə təsir edəcək miqdarda ixrac etmək imkanları mövcud deyil. O, yanacağın bahalaşmasını İrandakı müharibənin nəticələri ilə əlaqələndirib və neft emalı zavodlarının digər məhsullara keçməsinin böyük maliyyə və zaman tələb etdiyini vurğulayıb.
Müsahibə zamanı Peyn həmçinin Trampı dizel qiymətlərinin artmasında Ukraynanı günahlandırmağa çalışmaqda ittiham edib. Xatırladaq ki, ABŞ-da yanacaqdoldurma məntəqələrində dizelin qiyməti bir qalon üçün təxminən altı dollara yüksəlib.




