
Telekommunikasiya xidmətlərinin keyfiyyət tələbləri ilə bağlı qanun layihəsi I oxunuşda qəbul edildi
Milli Məclis telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblərin hüquqi bazasının dəqiqləşdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda bəyənib.
AzadAzərbaycan xəbər verir ki, Milli Məclis ölkədə telekommunikasiya xidmətlərinin keyfiyyətinə qoyulan məcburi tələblərin hüquqi çərçivəsinin dəqiqləşdirilməsi və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə hazırlanan sənədi I oxunuşda təsdiqləyib.
Mövzu ilə bağlı "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin növbəti plenar iclasında müzakirəyə təqdim olunub.
Bildirilib ki, qanunun mövcud 33.1.5-ci maddəsində operatorların xidmətləri müəyyən olunmuş standart, norma və qaydalara uyğun təqdim etməsi tələbi əks olunub. Lakin bu ifadələr riayət edilməli dəqiq tələbləri tam aydınlaşdırmağa imkan vermirdi. Yenicə təklif olunan "keyfiyyət göstəriciləri" anlayışı isə xidmətin səviyyəsini dəqiq ölçən və yoxlayan meyarları özündə birləşdirir.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən 2023-cü il dekabrın 21-də təsdiqlənmiş müvafiq qərar rabitə və internet xidmətlərinin keyfiyyət göstəricilərini, eyni zamanda operator və provayderlər üçün məcburi meyarları artıq müəyyən edib.
Parlamentdə aparılan geniş müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.




