
Tiflisdə Azərbaycan investisiyası ilə inşa edilən otelin açılışı olub
Gürcüstanın paytaxtında 68 milyon ABŞ dolları dəyərində olan "ART Riverfront Hotel"in rəsmi açılış mərasimi keçirilib.
AzadAzərbaycan xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə "ART Riverfront Hotel" kompleksinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə Gürcüstanın baş naziri İrakli Kobaxidze, Azərbaycanın baş naziri Əli Əsədov və Tiflis meri Kaxa Kaladze iştirak ediblər.
Hökumət başçıları yeni istifadəyə verilən otelə baxış keçirib, layihənin imkanları və investisiya detalları ilə yaxından tanış olublar. Kür çayının sahilində yerləşən və ümumi dəyəri 68 milyon ABŞ dolları olan bu kompleks Azərbaycan investisiyası əsasında inşa edilib.
Otelin developeri Azərbaycanın "PASHA Real Estate Group" şirkətidir. Kompleksin idarəçiliyi "Absheron Otel Group"a həvalə olunub, memarlıq konsepsiyası isə Gürcüstanın "Khmaladze Architects" şirkəti tərəfindən hazırlanıb.
Bu layihənin həyata keçirilməsi Azərbaycan kapitalının Gürcüstanda yalnız enerji və nəqliyyat deyil, həm də turizm və xidmət sektorunda uğurla təmsil olunduğunu göstərir. Ölkələr arasında iqtisadi əməkdaşlıq uğurla davam edir.




