
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfərə gəlib
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan rəsmi səfərlə Cənubi Koreyaya gediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Cənubi Koreyaya səfər ediblər.
Onları hava limanında Cənubi Koreyanın ticarət naziri Park Çunq-Sunq qarşılayıb.
Səfər çərçivəsində Ərdoğanı Türkiyənin xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fateh Kaçır, AKP-nin sədr müavini Xalid Yerebakan və Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün müşayiət edirlər.
Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində Türkiyə dövlət başçısının noyabrın 3-də Cənubi Koreya Prezidenti Li Çje Men ilə rəsmi görüşü nəzərdə tutulub.
Danışıqlar zamanı iki ölkə arasındakı strateji tərəfdaşlığın bütün aspektlərinin müzakirə olunması, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması, həmçinin ikitərəfli münasibətlərin hüquqi bazasını gücləndirəcək müxtəlif sazişlərin imzalanması planlaşdırılır.




