
Ülviyyə Rəhimova övlad sahibi olmaqla bağlı tənqidlərə cavab verib
Aktyor Nicat Rəhimovun həyat yoldaşı Ülviyyə Rəhimova sosial şəbəkədə ikinci uşaqla bağlı suallara və ünvanlanan qeyri-etik fikirlərə sərt reaksiya verib.
Aktyor Nicat Rəhimovun həyat yoldaşı Ülviyyə Rəhimova sosial şəbəkə hesabındakı paylaşımları ilə diqqət mərkəzinə düşüb. O, izləyicilərinə müraciət edərək ikinci övladla bağlı verilən sualların və deyilən sözlərin qeyri-etik olduğunu bildirib.
Rəhimova qeyd edib ki, insanlara bu cür suallar ünvanlamazdan əvvəl onların sağlamlıq, maddi və ya mənəvi imkanlarını düşünmək lazımdır: "Bəlkə, sağlamlıq imkan vermir? Bəlkə, maddi vəziyyət imkan vermir? Bəlkə, sadəcə istəmirlər? Allah birini də saxlasın, yeddisini də. Əsas odur ki, bütün balalar sağlam böyüsünlər".
Öz həyatından da danışan Ülviyyə Rəhimova övlad dünyaya gətirərkən ciddi risklərlə üzləşdiyini vurğulayıb: "Mən uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim. Göydə Allah, yerdə doktorum məni xilas etdi. Bəlkə, kiminsə də belə bir sarsıntısı və riski var? Onu da düşünün".
Ailənin tək övladı olduğunu xatırladan Rəhimova heç vaxt özünü tənha hiss etmədiyini və hər zaman sevən insanlarla əhatə olunduğunu bildirib. Sonda o, bu fikirlərin heç bir ailə üzvünə aid olmadığını və 6 illik evlilikləri müddətində bu mövzuda heç bir problem yaşamadıqlarını əlavə edib.




